
Handex-də DataTalks layihəsinin ilk görüşü uğurla keçirildi
Handex Tədris Mərkəzində DataTalks layihəsinin ilk görüşü uğurla baş tutdu. 11 fevral 2025-ci il tarixində keçirilən bu tədbirdə Kapital Bank-ın Data Analitika üzrə funksional lideri Aysel Damirova “Xanımlar üçün data analitika – imkanlar və çətinliklər” mövzusunda təqdimat etdi.
Bu tarix təsadüfi seçilməmişdi – 11 fevral dünyada Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü kimi qeyd olunur. BMT-nin başlatdığı bu təşəbbüs qadınların elmi sahələrdə iştirakını təşviq etməyə, onların elmdə və texnologiyada daha aktiv rol almasına diqqət çəkməyə xidmət edir. Biz də bu əlamətdar gündə analitika sahəsində çalışan və uğur qazanan xanımları bir araya gətirərək onların təcrübələrini bölüşmək üçün platforma yaratmaqdan qürur duyuruq.
Tədbirdə data analitikanın iş dünyasındakı rolu, data analitik kimi işləməyin üstünlükləri və imkanları, gender stereotipləri və şüuraltı maneələr, karyera yüksəlişində rast gəlinən baryerlər, şəbəkələşmə və mentorluq imkanlarının məhdudluğu, iş və şəxsi həyat balansının qorunması kimi vacib mövzular müzakirə olundu. Aysel Damirova öz karyera yolundan danışaraq, data sahəsində uğur qazanmaq istəyən xanımlara faydalı tövsiyələr verdi.
Görüşdə çətinliklərdən qorxmayan, analitika sahəsində özünü inkişaf etdirmək istəyən və bir-birinə dəstək olan xanımlar iştirak edirdi. Müzakirələr zamanı vurğulandı ki, rəqəmlər, analizlər və qrafiklər yalnız bir vasitədir – onların arxasında dayanan əsas güc insan düşüncəsi və mübarizəsidir.
DataTalks layihəsi çərçivəsində hər ay analitikanın müxtəlif sahələrinə dair təcrübəli ekspertlərlə görüşlər təşkil ediləcək. Qarşıdakı tədbirlərdə yalnız data sahəsi ilə məhdudlaşmayaraq, müxtəlif sahələrdə uğur qazanan qadınları da dəvət edəcəyik. Onlar karyera yüksəlişi, çətinlikləri necə aşdıqları və uğura gedən yolda atdıqları addımlarla bağlı öz təcrübələrini bölüşəcəklər. Məqsədimiz data analitika sahəsində marağı olan hər kəsə ilham vermək, şəbəkələşməni gücləndirmək və yeni imkanlar yaratmaqdır.
Aysel Damirovaya dəyərli çıxışı və təcrübəsini bölüşdüyü üçün təşəkkür edirik.
Növbəti DataTalks görüşlərində sizi də aramızda görməkdən məmnun olarıq.