MOSE imtahanına necə hazırlaşmalı? - 10 məsləhət

  • May 01,2024
MOSE imtahanına necə hazırlaşmalı? - 10 məsləhət

Handex-də MOSE təlimində iştirak etmiş və beynəlxalq sertifikat əldə edən 400-dən çox iştirakçıların bir çoxundan imtahan və imtahana hazırlıq ilə bağlı tövsiyələr almışıq. Məhz bu məqaləmizdə bu tövsiyələri ümumiləşdirərək sizlərə faydalı olacaq 10 məsləhəti bölüşürük.

Bu məqaləni oxumaqla siz, beynəlxaq “Excel Expert” sertifikat imtahanı və ona hazırlıq zaman aşağıdakı faydaları qazanmış olacaqsınız:

Strateji hazırlıq. Məqalədə MOSE təlimində iştirak etmiş və müvəffəqiyyətlə sertifikat qazanmış 400-dən çox iştirakçının imtahanla bağlı təcrübələri paylaşılır. Bu təcrübələr sayəsində, imtahan verməyə hazırlaşan şəxslər nələrin üzərində daha çox diqqət yetirməli olduğunu və imtahanda qarşılaşa biləcəkləri çətinliklərin öhdəsindən necə gəlməli olduğunu öyrənəcəkdir. Nəticədə, bu tövsiyələr onların daha məqsədyönlü və effektiv hazırlaşmasına kömək edir.

Yüksək nəticələr əldə etmək. Məqalə imtahanda yüksək bal toplamaq üçün nəzərə alınması lazım olan mühim tövsiyələri özündə ehtiva edir. Bunlar arasında vaxtın idarə olunması, doğru cavab strategiyaları və məntiqi düşünmə qabiliyyətinin artırılması kimi mövzular var. Bu biliklər oxuculara imtahan zamanı daha yaxşı qərarlar verməyə və nəticədə daha yüksək performans göstərməyə imkan verir.

Özünəinamın artması. Başqalarının təcrübələri və məsləhətləri ilə tanış olmaq, imtahana daxil olacaq şəxslərin öz bilik və bacarıqlarına olan inamını artırır. Məqalədə verilən real nümunələr və praktiki məsləhətlər, oxuculara nələrin mümkün olduğunu göstərir və onları imtahana daha pozitiv və motivasiyalı şəkildə yanaşmağa sövq edir.

MOSE sertifikatı əldə etmək üçün tövsiyələr:

- Qısa yol ilə işləyənlər çalışın, diqqətli olun. Ev tapşırıqlarını öz şəxsi notebookumda edirdim. Amma imtahanı personal kompüter vasitəsilə verəcəksiniz. Bu halda qısa yol ilə işləmək çətinlik yarada bilər. Çünki notebookda bəzi qısa yollarda Fn düyməsindən istifadə edirdim. Məs: xanaları sabitləmək üçün Fn+F4 kombinasiyasından istifadə edirdim. Bu artıq insanda bir vərdiş formalaşdırır. İstər-istəməz klaviaturada Fn düyməsi axtarırsan. Ancaq personal kompüterdə Fn düyməsi olmadığına görə biraz çaşqınlıq yaşaya bilərsiniz.

- Bilmədiyiniz sual üzərində çox düşünməyə dəyməz. Əslində mən özüm həyatda çox prinsipial biriyəm. Hər hansı Excel tapşırığı olduqda onu etməmiş əl çəkmirəm. Amma bir məsələ var ki, burada mənim vaxt məhdudiyyətim olmur və internetdə rahat yararlana bilirəm. Amma Excel Expert imtahanı zamanı vaxt məhdudiyyəti var. Təsəvvür et ki, bir suala itirdiyin vaxta fərqli və daha çox sayda sual edib daha çox bal qazana bilərsən. Deməli bu məsələdə imtahanda prinsipial olmaq lazım deyil. Edə bilmirsənsə, etmə. Onsuz eyni suala sonradan təkrar qayıtmaq imkanın olur.

- MOSE imtahanında qısayollardan istifadənin faydası hədsiz çoxdur. İlk dəfə imtahana girdiyimdə, hər bir əmri menyudan seçməyə çalışdım və bu çox vaxtımı aldı. Vaxt məsələsinə görə, uğursuz nəticə göstərdim. Yaxşı ki, imtahana bileti “retake” formada almışdım. İkinci cəhdimdə isə Excel-də tez-tez istifadə olunan qısayolları öyrəndim və bunlardan istifadə etməyə başladım. Məsələn, 'Ctrl+Backspace' və 'Ctrl+Shift+yuxarı ox' kimi əsas qısayolları, eləcə də 'Alt+N+V+T' kimi daha mürəkkəb kombinasiyaları. Bu qısayolların köməyi ilə sualları daha sürətli həll etmək mümkün oldu və nəticədə daha yüksək bal topladım. Həqiqətən, bu qısayollar imtahanın daha effektiv keçirilməsinə böyük kömək edir və bütün tələbələrə imtahandan əvvəl bu qısayolları mənimsəməyi tövsiyə edirəm.

- MOSE Excel ekspert imtahanı İngilis dilində keçirildiyi üçün dili yaxşı bilməyən iştirakçılara əlavə bir çətinlik yaradır. İlk başda, mən də imtahana qoşulmaqdan çəkinirdim, çünki dil barədə özünəinamım çox yüksək deyildi. Lakin, imtahana hazırlıq prosesində çox sayda İngilis dilli materiallarından istifadə edərək, texniki terminlərə və imtahan formatına öyrəşdim. Həmçinin, imtahan suallarını anlamaq və cavablandırmaq üçün lazımi dil bacarıqlarını inkişaf etdirmək məqsədilə, müəllimin izahatlarına diqqətlə qulaq asdım. Bu təcrübə mənə dil baryerini aşmaqda və imtahanda daha yaxşı nəticə göstərməkdə kömək etdi. İngilis dilində özünüzü daha rahat hiss etmək üçün imtahan materialları ilə əvvəlcədən tanış olmağı və mümkün qədər çox praktika etməyi tövsiyə edirəm.

- Excel sertifikat imtahanında tapşırıqları ilk cəhddən dəqiq və düzgün işləməyin əhəmiyyəti çox böyükdür. İmtahan sizdən yalnız Excel biliklərini deyil, həm də peşəkar yanaşmanı tələb edir. Tapşırıqları ilk cəhddən düzgün etmək, vaxtı daha effektiv istifadə etməyə və yüksək bal toplamağa imkan verir. Səhvlərdən çəkinmək üçün imtahana qədər mövzuları dərindən öyrənin və praktika edin. Unutmayın, hər bir səhv cəhd balınızın aşağı düşməsinə səbəb olacaq. Buna görə də, suallara cavab verməzdən əvvəl lazımi qədər düşünün və mümkün qədər ilk cəhddə doğru cavab yazmağa çalışın. Bu yanaşma, imtahanı daha uğurlu keçirməyinizə kömək edəcək.

- Mən MOSE imtahanına hazırlaşarkən imtahanın özündə istifadə ediləcək Excel versiyası ilə eyni versiyada praktika etməyin vacibliyindən yazacam. Şəxsi təcrübəmdə evdə daha köhnə bir Excel versiyası istifadə edirdim (Excel 2016) Lakin, imtahanda Excel 365 ilə işləməli oldum. Yeni versiyanın interfeysi və bəzi əmrlərin yerləşməsi köhnədən fərqli olduğundan, bəzi əmrləri tapmaqda çətinlik çəkdim. Hətta rəng və interfeysə də öz kompüterimdə vərdiş etmişdim. Amma imtahanda bu detallar fərqli olduğundan vaxt itirdim. Bu səbəbdən, imtahana girməzdən əvvəl imtahanda istifadə ediləcək eyni versiyada praktika etməyi, interfeysə və funksiyalara öyrəşməyi tövsiyə edirəm. Bu, imtahanda sizi daha sürətli və effektiv işləməyə hazırlayacaq.

- Əvvəllər Exceli öyrənməyin işimi necə asanlaşdıracağını həmişə düşünərdim və hələ də belə düşünürəm. Ancaq zamanla anladım ki, Exceldə işləmək üçün yalnız texniki bacarıqlar yox, həm də düzgün düşünmə qabiliyyəti lazımdır. Yeni iştirakçılara deyərdim ki, imtahan zamanı tapşırıqların icrasında düzgün alqoritmi başdan qursunlar ki, verilənləri səmərəli şəkildə işləyə bilsinlər. Bu bacarıqları inkişaf etdirmək üçün dərsdə verilən tapşırıqları dəfələrlə təkrar işləmək lazımdır. Təkrarlarla yanaşı, tapşırıqları dərinliklə anlamağa çalışıram. Bu proses düşünməni tezləşdirməyə və daha çevik həll yolları tapmağa kömək edir. Beləliklə, praktik təcrübə artıq nəzəri bilikləri tamamlayır və məni daha uğurlu bir Excel istifadəçisi edir.

- MOSE imtahanında bəzən sualların mətni çox uzun olur, bu da xüsusilə İngilis dili səviyyəsi kifayət qədər yüksək olmayanlar üçün qorxu yarada bilər. Lakin, təcrübəm göstərdi ki, bu uzun mətnli suallar bəzən ən asan suallar ola bilər. Əsas məqam mətndə açar sözləri aşkarlamaq və onlara diqqət yetirməkdir. Açar sözləri tapdıqdan sonra, sualın tələb etdiyi məlumatları daha asan başa düşmək və cavablandırmaq mümkündür. Məsləhətim budur ki, imtahan zamanı uzun sualları gördükdə qorxmayın və sualı ötürməyə çalışmayın. Mətndə açar sözləri tapın və onlara əsaslanaraq sualları həll edin. Bu yanaşma, imtahanın bu hissəsini daha effektiv idarə etməyə kömək edəcək.

- MOSE Excel ekspert imtahanına hazırlaşarkən əsas Excel biliklərinizi yaxşılaşdırmağın vacibliyini dərk etdim. Ümumiyyətlə, Excel biliyi olmadan beynəlxalq sertifikatı əldə etmək mümkün deyil və bu sertifikatı almış kimi təqdim etmək, iş mühitində sizi çətin vəziyyətə sala bilər. Buna görə də, funksiyalar, pivot cədvəllər, vacib əmrlər kimi Excel-in mürəkkəb funksiyalarını dərindən öyrənmək lazımdır. İmtahana hazırlaşarkən, hər bir funksiyanı praktiki işlər vasitəsilə mənimsəməyə çalışın, çünki bu biliklər gələcəkdə sizə böyük üstünlük verəcək. İşlədiyiniz mühitdə Excel biliklərinizlə seçilmək və peşəkar kimi tanınmaq üçün bu sertifikata yalnız kağız üzərində deyil, həqiqətən də layiq olmalısınız.

- MOSE Excel ekspert imtahanına hazırlaşarkən retake (ilk cəhd uğursuz olduqda 1 ay ərzində yenidən ödənişsiz imtahan vermək üçün alınan bilet) imkanı mənim üçün çox yaxşı oldu. Çünki, sizin imtahanda yalnız Excel biliyiniz deyil, həm də vaxtı düzgün idarəemə, soyuqanlı olmaq və s. bu kimi digər vacib bacarıqlarınız da olmalıdır. Bəzi hallarda, ilk cəhd bu məsələlərə görə uğursuz ola bilir. Buna görə, imtahan prosesindən tam əmin deyilsinizsə, retake biletini əldə etmək məsləhətdir.  “Onsuz da Exceli əla bilirəm, imtahandan keçəcəm nə gərək var əlavə pul ödəyib retake bilet almağa” deməyin. Əlavə olaraq demək istəyirəm ki, əgər ilk cəhddə uğursuz olsanız, maksimum 1 həftə hazırlaşıb yenidən imtahana daxil olun. Bu qısa müddət ərzində, öyrəndiyiniz biliklər hələ təzədir və yenidən hazırlaşmaq üçün əlavə çox vaxt tələb etməyəcək. Daha çox gözləməyi tövsiyyə etmirəm. Çünki, həm excel bilikləriniz yaddan çıxacaq, həmdə digər işlər araya girəcəyinə görə daim ertələyəcəksiz. Bununla da sertifikat imtahanına sərf etdiyiniz zaman və maliyyə boş-boşuna getmiş olacaq.

Ödənişsiz konsultasiya

Sizi, müasir ofis mühitimiz, dərs məzmunumuz, tədris metodlarımız və təcrübəli müəllimlərimizlə tanış olmağa dəvət edirik. Sizə birbaşa təcrübə ilə öyrənmə şansı təklif edirik. Qeydiyyatdan keçin və fərqinə özünüz şahid olun.