Mən, Rəşad Qurbanov artıq 8 ildir ki, təlimçi kimi fəaliyyət göstərirəm. Bu dövrdə Microsoft Excel, Data analitika, Excel və Google Spreadsheet üzərindən sistemlərin qurulması kimi məsələlərin təlimini aparmışam. Fəaliyyətimin son 3 ilini Handex-də MOS Excel Expert imtahanına hazırlığı ilə bağlı təlimi tədris edirəm. Bu məqalədə imtahan haqqında sizlərə ətraflı məlumat verməyə çalışacam.
MOS Excel Expert sertifikatını əldə etmək, sertifikata hazırlaşmaq üçün heç də hər zaman kursa getməyə gərək yoxdur. Özünüz də hazırlaşa bilərsiniz. Amma, əvvəlcə ümumiyyətlə bu sertifikat nədir və bu günə qədər hansı versiyaları olub qısa o barədə yazmaq istəyirəm. Çünki “Hansı versiyaya hazırlaşmalıyam?” sualına cavab tapa bilməyənlər üçün bu hissə çox vacibdir.
Qeyd edim ki, MOS (Microsoft Office Specialist Excel) və MOSE (Microsoft Office Specialist Excel Expert) fərqli sertifikatlardır. MOSE daha ağır suallardan ibarətdir.
Microsoft Office Specialist Excel – sertifikatını əldə etməklə siz Microsoft-un rəsmi sertifikatlı mütəxəssisi olmuş olursuz. Siz MOS Excel sertifikatını verməklə sübut edirsiz ki, artıq iş mühitində orta səviyyədə Excel istifadə edə bilirsiniz. Çünki, bu mövzular gündəlik Excel istifadəçisinin istifadə etdiyi funksiya və ya əmrləri əhatə edir. Sertifikatın son 10 ildə aşağıdakı növləri olubdur:
Exam: 77-427 - Microsoft Excel 2013 Expert Part One;
Exam: 77-727 - Microsoft Office Specialist: Excel (Office 2016);
Exam: MO-200 - Microsoft Office Specialist: Excel Associate (Office 2019);
Exam: MO-210 (Ən yeni versiya) - Microsoft Office Specialist: Excel Associate (Microsoft 365 Apps).
Microsoft Office Specialist Excel Expert– sertifikatını əldə etməklə siz Microsoft-un rəsmi sertifikatlı Excel eksperti olmuş olursuz. Məs: siz MOS Excel Expert sertifikatını verməklə artıq çox yaxşı səviyyədə iç-içə funksiya yazmaq bacarığınızın olduğunu təsdiq edirsiniz. Və yaxud sürətli şəkildə Pivot Table vasitəsilə hesabatlar hazırlaya bilirsiniz. Çünki MOSE sertifikatının olmağı, artıq sizin iş mühitində kifayət qədər yaxşı Excel istifadəçisi olduğunuzu təsdiq edir.
Sertifikatın son 10 ildə aşağıdakı növləri olubdur:
Exam: 77-428 - Microsoft Excel 2013 Expert Part Two;
Exam: 77-728 - Microsoft Excel Expert (Office 2016);
Exam: MO-201 - Microsoft Office Specialist: Microsoft Excel Expert (Office 2019);
Exam: MO-211( Ən yeni versiya ) - Microsoft Excel Expert (Microsoft 365 Apps)
Excel Expert sertifikatını gələcək karyera üçün əhəmiyyətli bir vasitə saymaq olar. Çünki şəxsən mənim normal Excel bilikləri olub da, işsiz qalan tanışım yoxdur. Cari dövrdə demək olar ki, bütün fəaliyyət sahələrində Excel istifadə olunur.
MOSE-nin formatı
İmtahan 4 hissədən ibarət olur. Həmin hissələrə baxmaq və mövzular ilə tanış olmaq üçün sillabusu yükləmək kifayət edir. Hər hissə üzrə sizə 5-7 arası suallar düşəcək. Belə deyək, siz imtahanda ümumi 25-35 arası sual ilə qarşılaşacaqsız. Və bu suallar üçün 50 dəq vaxtınız olacaq. Bu sualların hamısı sırf praktiki suallardır. Yəni ki, sizdən imtahan zamanı soruşmurlar ki, VLOOKUP funksiyası hansı işi yerinə yetirir. Konkret tapşırıq olur və onu həll etmək lazımdır. Tapşırıqların şərti isə aşağı hissədə qeyd edilir. ( Aşağıdakı şəkildə imtahan interfeysi ilə tanış ola bilərsiniz)
Təbii ki, o tapşırığı həll etmək üçün hansı funksiyalardan istifadə etməli olduğunuzu artıq hazırlaşanda özünüz biləcəksiz.
Siz Excel Expert imtahanı verdiyinizə görə imtahan tapşırıqlarında peşəkar yollardan istifadə edərək daha çox bal qazana bilərsiz. Məsələn: Sizdən tələb olunur A10 xanasına getmək. Tamam, bunu mausun sol düyməsini B240 xanasına klikləməklə etmək olar. Amma siz Excel eksperti olduğunuza görə onlar sizdən daha peşəkar yol gözləyirlər. CTRL+G qısa yolu ilə B240 yazaraq Microsoftdan daha yüksək bal əldə edə bilərik. Əgər bir task haqqında heç bir məlumatımız yoxdursa ona çox vaxt itirməmək tövsiyyə olunur. Çünki hər səhv cəhd zamanı alacağımız bal aşağı düşür və digər tapşırıqlara ayıracaq vaxtınızdan gedir. Yəni əgər mən bir taska görə 10 bal (bal şərtidir) alacaqdımsa, 2 səhv nəticədən sonra 3-cünü düz etdiyim halda 4 bal alıram. Buda öz növbəsində mənim vaxtımı aparır. İmtahanda isə bizə lazım olan əsas məsələ sürətli və düzgün işləyərək vaxt qazanmaqdır.
MOSE imtahanı - qeydiyyatdan keçmək olar?
İmtahana daxil olmamışdan öncə certiport hesabı açmaq lazımdır. Bunun üçün video təlimata baxa bilərsiniz. Certiport, Microsoft Office Specialist (MOS) daxil olmaqla müxtəlif peşəkar sertifikatlaşdırma imtahanlarını təklif edən bir şirkətdir. Bu şirkət, dünya üzrə sertifikatlaşdırılmış test mərkəzləri vasitəsilə texniki bacarıqları qiymətləndirən və təsdiqləyən imtahanlar keçirir.
MOSE imtahanının strukturu
İmtahan zamanı ekranda yalnız Excel səhifəsi (spreadsheet) və alt hissədə tasklar açıq olur. Yəni başqa heç bir hissəyə daxil olmaq mümkün deyil. Bəzən iştirakçılar düşünürlər ki, sualları tərcümə emək üçün əlavə sayta daxil olacam. Amma imtahanda bu mümkün deyil. Suallara cavab verərkən sizə, hansı suala səhv, hansı suala düz cavab verdiyiniz ilə bağlı məlumat verilmir. Siz sadəcə taskı edib həmin bölməni tamamladığınız halda next edirsiz. Ən sonda isə bir neçə saniyə ərzində ən həyəcanlı anlar olur. Sizə keçib (pass) və ya kəsilməyiniz (fail) haqqında ekranda yazı gəlir. Bir məsələnidə deyim ki, sonda siz yekun olaraq bütün suallara baxa bilirsiniz. Qeyd edim ki, imtahan zamanı maksimum bal 1000-dir. Keçid balı isə minimum 700-dür. Hər hissədən ortalama 5-6 arası suallara cavab verməyiniz mütləqdir. Sertifikat imtahanını uğurla keçdiyiniz halda 20-30 dəqiqədən sonra nəticələr və sertifikatınız Certiport hesabınıza yerləşdirilir və e-mailinizə artıq Excel eksperti olmağınız haqqında nişan (badge) gəlir.
MOSE imtahanının qiyməti
İmtahanı müxtəlif test mərkəzlərində verə bilərsiniz. İmtahanın qiyməti isə valyuta məsələlərinə görə dəyişkəndir. Bunun üçün Linkedindən mənə yazın. Sizə ətraflı məlumat verəcəm.
MOSE Excel ekspert olmaq istəyənlər necə selfstudy hazırlaşmalı
Əminliklə deyirəm ki, imtahanı keçmək üçün heç bir kursa getməyə qəti ehtiyac yoxdur. Excel biliyi yaxşı olanlar, özləri hazırlaşıb asanlıqla imtahanı verə bilərlər. İmtahana hazırlaşmaq üçün Handex-in Youtube kanalından istifadə edə bilərsiniz. Burada sırf bizim videodərslərimiz var. Bu yaxınlarda MO-211 üçündə videodərslər yerləşdirəcəm. Hal-hazırda üzərində işləyirəm. Kanalı izləmək tövsiyyə olunur. Çünki yeni video yükləndiyi təqdirdə sizədə bildirim gələcəkdir. Əgər sizin yaxşı Excel biliyiniz varsa və kanalda qeyd olunan tapşırıqları mükəmməl səviyyədə icra edirsizsə artıq siz imtahana 95% hazırsız deməkdir. Təbii ki, söhbət vicdanlı şəkildə oxuyub, tətbiq etməkdən gedir. 5% isə imtahanda insan faktoru olduğuna görə yazmadım. Çünki imtahanda sizə Excel biliyindən əlavə vaxtı düzgün idarə etmək, həyəcanı idarə etmək, ilk cəhddən düzgün yazmaq və s. bu kimi bacarıqlar lazımdır. Təcrübədə görürük ki, adamın nə qədər yaxşı Excel biliyi olsa da, imtahan nəticəsi ya uğursuz olur, ya da çox zəif. Buna görədə 100% imtahana hazır olmaq üçün bütün məsələlərə diqqət etmək vacibdir. Qeyd edim ki, imtahan ingilis dilində olur.
Yenə deyirəm, imtahana müəllim ilə hazırlaşmaq şərt deyil. Yox əgər deyirsizsə "mən müəllimsiz hazırlaşa bilmirəm, mənə daim sual verə biləcəyim mentor lazımdır, mənə daha çox və yüksək səviyyə tapşırıqlar lazımdır, hər mövzunun və tapşırığın detallı izahı, hiylələri öyrənərək daha sürətli işləmək istəyirəm, imtahan zamanı hansı məsələlərə diqqət etməliyəm onları bilmək istəyirəm" o zaman bizə yaza bilərsiniz. Çünki hal-hazırda Excel Expert nəticələrimizə görə ölkə birincisiyik.